
Ilanlarla necə mübarizə aparılmalıdır.
Son günlərdə bölgələrdə havaların istiləşməsi ilə bağlı həyətyanı sahələrdə, eləcə də sıx kolluq olan ərazilərdə ilanların sayı artıb. Hətta mayın 30-da İsmayıllıda iki nəfəri ilan sancıb. Onlardan 2005-ci il təvəllüdlü şəxsin vəziyyəti ağır stabil olaraq qalıb. İlanlarla necə mübarizə aparılmalıdır? Onlardan qorunmağın ən optimal yolu nədir? Zərdab hansı müddət ərzində vurulmalıdır?
Oxu.Az-ın bu və digər suallarını AMEA Zoologiya İnstitutunun mütəxəssisi, biologiya üzrə fəlsəfə doktoru Təvəkkül İsgəndərov cavablandırıb.
O bildirib ki, yaz-yay aylarında havaların istiləşməsi ilə bağlı bütün sürünənlər kimi, ilanlar da fəallaşır: “Hətta may ayından başlayaraq iyunun ortalarına qədər ilanların aktivliyi xüsusilə yüksək olur. Onlar cütləşmə ilə bağlı qışlamadan çıxdıqları üçün çox fəal olurlar və biz onlara gündüz də rast gəlirik.
İlanlar yaşayış məskənlərinə yaxın, evlərdə, həyətyanı sahələrdə, bağlarda daha çox müşahidə edilir. İlanların yemləndiyi heyvanlar həyətyanı sahələrdə, evlərdə varsa, onlar yemlənmək məqsədilə o yerlərə girə bilərlər. Havaların istiləşməsi ilə bağlı gündüz aktivliyi çox olduğu üçün ilanlarla daha sıx rastlaşa bilirik.
Amma qızmar yay günləri başladıqda ilanlar sərinlənmək üçün yer axtarırlar. Bu halda ilan həyət- bacalardakı müxtəlif yerlərə atılmış lövhələr, daş qalağı, tikinti materialları, budanmış ağac budaqları altında gizlənə bilər. Eləcə də, xüsusən, bostanlarda, tərəvəz, qarpız-yemiş, ələlxüsus çiyələk şitillərinin altında sərinlənmək üçün yer seçə bilirlər”.